Oruc Haqqinda Melumat - Vikipedia

Oruc Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

OrucAllaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə.

Etimologiya

redaktə

"Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savmصيام sıyam olaraq göstərilib.

İslam dini

redaktə

Ramazan ayının orucu hər bir həddi-büluğa çatmış, müsafir və xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan müsəlman aşağıdakılara riayət etməlidir:

Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir.

Müstəhəb oruc

redaktə

Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.

Oruc haqqında Quran ayələri

redaktə
  • Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar80; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 183–185-ci ayələr)
  • Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız (bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılarkən sizin üçün ağ sap qara sapdan (dan yerinin ağartısı gecənin qaranlığından) fərqlənincəyə qədər yeyin-için; sonra axşama (günəş batana) qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar! (Bəqərə surəsi, 187-ci ayə)

Orucun hökmləri

redaktə

Oruc, insanın Allah-təalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından şam azanına qədər, irəlidə izah olunacağı işlərdən çəkinməsidir.

Niyyət

redaktə

İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; "sabah oruc tutacağam" deyərək niyyət etməsi şərtdir. Sadəcə olaraq Allah-təalaya bəndəçilik və Onun əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.

İnsan Ramazan ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər.

Agah olan şəxs üçün, Ramazan ayı orucunun ən son niyyət vaxtı, sübh azanı vaxtıdır. Yəni ehtiyat vacibə görə hər nə qədər öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq batil edən işlərdən çəkinməklə yanaşı, oruca niyyət etmiş olmalıdır.

Orucu batil edən işləri görməyən şəxs, şam azanına az bir vaxt qalmış olsa belə, günün hər hansı vaxtında müstəhəb bir oruc niyyət edərsə, orucu səhihdir.

Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən "mütləq qürbət" niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.

Qəza və ya kəffarə orucu tutmaq istəyən şəxs, onu niyyətində müəyyən etməlidir. Məsələn; "qəza orucu və ya kəffarə orucunu tuturam" deyə niyyət etməlidir. Amma Ramazan ayında "Ramazan ayının orucunu tuturam" deyə niyyət etməsi lazım (ilzami) deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir. Nəzir və bu kimi oruclarda nəzir qəsdi etmək lazım deyil.

Əgər Ramazan ayının olduğunu bilsə və qəsdən Ramazan ayından qeyri bir orucun niyyətini etsə, qəsd etdiyi oruc hesaba alınmaz və həmçinin Ramazan ayının orucu kimi də sayılmaz – əgər o qəsd qürbət (yəni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa; hətta ziddiyyətli olmasa belə, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmaz.

Əgər məsələn; ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci, yaxud üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.

Əgər sübh azanından əvvəl niyyət etsə və bihuş olsa və gün-arası özünə gəlsə, vacib ehtiyata əsasən o günün orucunu tamam etməlidir və əgər tamam etməsə, onun qəzasını yerinə yetirməlidir.

Əgər sübh azanından qabaq niyyət edib, sonra məst olarsa və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir.

Əgər sübh azanından əvvəl niyyət edib yatsa və axşamdan sonra ayılsa, orucu səhihdir.

Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. Amma şam azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da, o günün orucunu qəza etməlidir. Ehtiyat vacibə əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, rəcaən oruc niyyəti etməli, Ramazandan sonra qəzasını etməlidir. Amma əgər zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, gərək oruc niyyəti etsin və orucu səhihdir.

Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-büluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil. Amma əgər müstəhəb oruc tutmaq qəsdi etsə, ehtiyat müstəhəbə əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır.

Meyyitin orucunu tutmaq üçün əcir olan və ya boynunda kəffarə orucu olan bir şəxs, müstəhəb bir oruc tutarsa, eybi yoxdur. Amma boynunda Ramazan ayının qəza orucu olan bir şəxs, müstəhəb oruc tuta bilməz. Əgər unudaraq müstəhəb bir oruc niyyəti edərsə və zöhrdən qabaq xatırlayarsa, müstəhəb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Amma əgər zöhrdən sonra agah olarsa, ehtiyata əsasən orucu batildir. Əgər şam azanından sonra xatırlayarsa, orucu səhihdir.

Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzr etmiş olsa, əgər sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun ona vacib olmasını bilməsə, ya unutsa və zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş görməmiş olsa və niyyət etsə, onun orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata riayət etməlidir.

Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün, məsələn; kəffarə orucu kimi, qəsdən zöhr yaxınlaşana qədər niyyət etməsə, eybi yoxdur. Hətta əgər niyyətdən əvvəl oruc tutmamaq qərarına gəlsə, yaxud oruc tutub-tutmamaq barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməmişsə və zöhrdən əvvəl niyyət etsə, orucu səhihdir.

Əgər kafir Ramazan ayında, zöhrdən əvvəl müsəlman olsa və sübh azanından o vaxta kimi, orucu batil edən bir iş görməyibsə, vacib ehtiyata əsasən gərək "mafizimmə" niyyəti ilə orucu tamam etsin. Əgər belə etməsə, gərək onun qəzasını yerinə yetirsin.

Əgər xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, ehtiyat vacibə əsasən oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma əgər zöhrdən sonra sağalarsa, o günün orucu (həmin gün) ona vacib deyildir, gərək sonradan qəza etsin.

İnsanın, Şəbanın son günü, yoxsa Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gün oruc tutması vacib deyildir. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma əgər "Ramazan ayı olduğu təqdirdə, RamazandanRamazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın" deyə niyyət edərsə, orucunun səhih olması uzaq nəzər deyil, amma qəza və bu kimi oruc niyyəti etməsi daha yaxşıdır. Belə ki, əgər sonradan Ramazan ayı olduğu məlum olarsa, Ramazandan hesab olunar. Əgər mütləq oruc niyyəti edərsə və sonradan Ramazan ayı olduğu məlum olarsa, yenə də kifayətdir.

Şəbanın son günü, yoxsa Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gündə, qəza, müstəhəb və bu kimi bir oruc niyyəti ilə oruc tutarsa və gün ərzində Ramazan ayı olduğunu anlayarsa, Ramazan ayı orucu üçün niyyət etməlidir.

Əgər vaxtı müəyyən olan vacib bir orucda (Ramazan ayının orucu kimi) "orucumu batil edim, yoxsa etməyim"-deyə tərəddüddə olsa və müəyyən qərara gələ bilməsə, yaxud orucunu batil etməsinə dair qəsd etsə, əgər yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər yenidən oruc niyyəti etsə ehtiyat vacib budur ki, o günün orucunu tamamlayıb sonradan da qəzasını tutsun.

Müstəhəb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edərsə və ya belə bir işi görüb-görməmək xüsusunda tərəddüdə düşərsə, əgər həmin işi görməsə və vacib orucda zöhrdən əvvələ qədər və müstəhəb orucda, şam azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, orucu səhihdir.

Orucu batil edən şeylər

redaktə

Bir neçə şey orucu batil edər:

1. Yemək və içmək.

2. Cima.

3. İstimna (istimna, kişilərdə başqası ilə cima etmədən, özündən məni xaric etməsinə deyilir. Qadınlarda isə şəhvətlə çıxan, "inzal" adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət xaric olması halına uyğundur və bu hal cənabətə səbəb olur).

4. Ehtiyat vacibə əsasən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə) yalan isnad vermək – (onların adından yalandan bir söz demək).

5. Ehtiyat vacibə görə tozu boğaza yetişdirmək.

6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq.

7. Axıcı şeylərlə imalə etmək.

8. Qəsdən qusmaq.

Bunların hökmləri aşağıdakı məsələlərdə şərh olunacaqdır.

1. Yemək və içmək
redaktə

Əgər oruc tutan şəxs oruc tutduğunu bilə-bilə qəsdən bir şey yesə, ya içsə orucu batil olar, istər çörək və su kimi yeyilməsi adət olan şeylərdən olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adət olmayan şeylərdən olsun; istər az olsun, istərsə də çox, hətta əgər diş fırçasını ağızdan çıxarıb yenə ağızına daxil etsə və onun rütubətini udsa, oruc batil olur. Amma əgər fırçanın rütubəti "xarici rütubətdir" deyilməyəcək şəkildə ağızın suyunda aradan gedərsə, onu udmağın eybi yoxdur.

Yeməyə məşğul olarkən, sübh olduğunu bilsə, gərək ağzından tikəni çıxartsın, əgər qəsdən udsa, orucu batildir və sonradan deyiləcək göstərişə görə ona kəffarəvacib olar.

Əgər oruc tutan kəs bir şeyi səhvən yesə, ya içsə, orucu batil olmaz.

Ampul (iynə) və sirom (sistem) orucu batil etmir, hərçənd ampul bədəni gücləndirmək üçün, yaxud sirom qəndli-duzlu olsa belə. Həmçinin təngənəfəslik (astma) üçün istifadə olunan isperi də eynilə; əgər dərmanı təkcə ağ ciyərə daxil etsə, orucu batil etməz. Eləcə də gözə və ya qulağa dərman tökülməsi də orucu batil etməz, hətta onun dadı boğaza çatsa belə. Əgər dərmanı buruna tökslər və o, boğaza çatmasa orucu batil etmir.

Əgər oruc tutan dişinin arasında qalan bir şeyi qəsdən udsa, orucu batil olar.

Oruc tutmaq istəyən şəxsə azandan əvvəl dişlərini təmizləmək lazım (vacib) deyildir. Amma əgər dişlərinin arasında qalan yemək qırıntısının, gündüz boğazına yetişəcəyini bilirsə, təmizləməsi gərəkdir.

Ağız suyunu udmaq, turş və turşa bənzər şeyi xəyala gətirməklə ağızda toplaşan suyu udmaq orucu batil etmir.

Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın eybi yoxdur. Amma vacib ehtiyat odur ki, ağız boşluğuna daxil olsa, onu udmasınlar.

Əgər oruc tutan şəxs susdayarsa və su içmədiyi təqdirdə, öləcəyindən və ya ona bir zərər dəyəcəyindən, ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, bu işlərin qorxusunu aradan aparacaq qədər su içə bilər. Hətta ölüm və sair kimi qorxu olan yerlərdə içməsi vacibdir. Amma bu halda onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, lazım ehtiyata əsasən gərək ondan artıq içməsin və günün qalanında orucu batil edən işlərdən çəkinsin.

Adətən yeməyin boğaza yetişməsinə səbəb olmayan uşaq və quş üçün yeyintini çeynəmək və ya yeməyin dadına baxmaq (təsadüfən boğaza yetişsə belə) orucu batil etməz. Amma əgər insan, əvvəlcədən yeməyin boğaza çatacağını bilirsə, orucu batil olur və qəzasının tutması, həmçinin kəffarə də verməsi ona vacibdir.

İnsan zəifliyi üzündən orucunu yeyə bilməz. Amma əgər onun zəifliyi adətən dözülməsi mümkün olmayacaq dərəcədədirsə, orucu yeməsinin eybi yoxdur.

2. Cima
redaktə

Cima orucu batil edər; hətta əgər təkcə sünnət yeri miqdarında daxil olsa və məni gəlməsə belə.

Əgər sünnət yerindən az miqdarı daxil olsa və məni gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, orucu batil olur.

Əgər qəsdən cima etmək istəsə və sünnət yeri qədər daxil olub-olmadığında şəkk edərsə, bunun hökmü 1551-ci məsələyə müraciət etməklə aydın olar. Əgər batil edən bir iş görməyibsə ona kəffarə vacib olmaz.

Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə, yaxud onu cima etməyə məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olsa, onun orucu batil olmaz. Amma əgər cima halında yadına düşsə, yaxud məcburiyyət onun üzərindən götürülərsə, gərək dərhal cima halından çıxsın, əgər çıxmasa, onun orucu batildir.

3. İstimna
redaktə

Əgər oruc tutan istimna etsə orucu batil olar.

Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir.

Oruc tutan şəxs, gündüz yatacağı təqdirdə, mühtəlim olacağını (yəni yuxuda ondan məni gələcəyini) bilirsə, yatmamaqla əziyyətə düşməsə belə, yatması caizdir. Əgər yataraq mühtəlim olarsa, orucu batil olmaz.

Əgər oruc tutan, məni xaric olarkən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.

Oruc tutub mühtəlim olan şəxs bövl etmək vasitəsilə məninin qalanının məcradan xaric olacağını bilirsə belə, bövl edə bilər.

Mühtəlim olmuş oruc tutan şəxs, məcrada məni qaldığını və əgər qüsldən qabaq bövl etməzsə, qüsldən sonra məninin xaricə çıxacağını bilirsə, qüsldən qabaq bövl etməsi ehtiyat-müstəhəbdir.

Məni xaricə çıxarmaq məqsədilə zarafat edən, yaxud özü ilə oynayan şəxsdən məni gəlməsə, yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər oruc niyyəti etsə, lazım-ehtiyata əsasən o orucu tamamlayıb sonra qəzasını da tutmalıdır.

Əgər oruc tutan bir şəxs, məni çıxarmaq məqsədi olmadan, məsələn; öz qadını ilə mazaqlaşarsa, ya zarafatlaşsa, özündən məni gəlməyəcəyindən əmindirsə, təsadüfən ondan məni gəlsə belə, orucu səhihdir. Amma əgər məninin gəlməyəcəyindən əmin deyilsə, məni gəldiyi təqdirdə orucu batil olur.

4. Allaha və Peyğəmbərə(s) yalan isnad vermək
redaktə

Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (s.ə.v.v) və on iki imamlardan (ə) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, hətta sonra dərhal "yalan dedim" deyərək tövbə etsə belə, lazım-ehtiyata əsasən orucu batil olar. Həmçinin Həzrət-Zəhraya (səlamullahi ələyha), digər peyğəmbərlərə və onların vəsilərinə də yalan bir şeyi nisbət vermək, ehtiyat-müstəhəb olaraq eyni hökmü daşıyır.

Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccət olmasına dəlili olmayan bir rəvayəti nəql etmək istəsə, vacib ehtiyata əsasən gərək o rəvayəti birbaşa Peyğəmbərə (s.ə.v.v) və imamlara (ə) nisbət verməsin.

Əgər düz olmasına etiqadlı olduğu bir şeyi Allah, ya Peyğəmbər qövlündən nəql etsə və sonra yalan olduğunu başa düşsə, orucu batil olmaz.

Əgər bir şeyin yalan olduğunu bilərək, onu Allaha və Peyğəmbərə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil etdiyinə bilirmişsə lazım ehtiyata əsasən gərək orucu tamam etsin və qəzasını da əmələ gətirsin.

Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (s.ə.v.v) və Peyğəmbərin canişinlərinə (ə) nisbət versə, lazım ehtiyata əsasən orucu batil olur. Amma əgər o yalanı uyduran şəxsin dilindən nəql edərsə, eybi yoxdur.

Əgər oruc tutandan "Peyğəmbər (səlləllahu ələyhi və alihi) belə bir söz buyurmuşdurmu" deyə soruşsalar "yox" əvəzinə qəsdən "bəli" desə, yaxud "bəli" əvəzinə qəsdən "yox" desə, lazım ehtiyata əsasən orucu batil olur.

Əgər Allahın və Peyğəmbər (səlləllahu ələyhi və alih)-in adından düz sözü desə də, sonra "yalan demişəm" desə, ya gecə onlara bir yalanı isnad verib sabahkı gün oruc olub desə ki, "dünən gecə dediyim söz düzdür" ehtiyata əsasən, orucu batil olur. Amma əgər məqsədi verdiyi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur.

5. Tozu boğaza çatdirmaq
redaktə

Vacib ehtiyata əsasən, qatı tozu boğaza yetişdirmək orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.

Qatı olmayan tozun boğaza yetişdirmək orucu batil etmir.

Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, vacib ehtiyata əsasən orucu batil olar.

Vacib ehtiyat odur ki, oruc tutan, siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın.

Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu səhihdir. Amma əgər boğazına yetişməyəcəyini zənn etmişdirsə, o günün orucunu qəza etməsi daha yaxşıdır.

Əgər oruc olduğunu unudub, diqqətsizlik edərsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər onun boğazına yetişərsə, orucu batil olmaz.

Başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var.

6. Sübh azanına qədər cənabət heyz və nifas halinda qalmaq
redaktə

Əgər cünub olan şəxs, Ramazan ayında qəsdən sübh azanına qədər qüsl etməsə, yoxsa vəzifəsi təyəmmüm olan halda qəsdən təyəmmüm etməzsə, gərək o günün orucunu tamamlasın, başqa bir günü də oruc tutsun. Həmin günün də qəza, yoxsa üqubət (cəza) orucu olması məlum olmadığından həm o günün orucunu Ramazan ayından, həm də o günün yerinə tutacaq orucu mafizzimmə qəsdi ilə tutmalı, qəza niyyəti də etməməlidir.

Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir kəs sübh azanına qədər qəsdən cünub halda qalsa o günü oruc tuta bilməz. Əgər qəsdən olmasa, o gün oruc tuta bilər, baxmayaraq ki, ehtiyat onu tərk etməkdədir.

Ramazan ayı orucu və onun qəzasından başqa, digər vacibmüstəhəb orucda, cünub insan qəsdən sübh azanına qədər cənabətli qalsa, o günü oruc tuta bilər.

Ramazan ayı gecəsində cünub olan bir şəxs, əgər qəsdən vaxt daralıncaya qədər qüsl etməzsə, gərək təyəmmüm edib oruc tutsun və orucu səhihdir.

Əgər cünub Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına düşsə, gərək o günün orucunun qəzasını tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, cünub olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etsin, məsələn; əgər üç, ya dörd gün cünub olmasını bilməsə, gərək üç günün orucunu qəza etsin.

Ramazan ayı gecəsində qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmayan şəxs, özünü cünub edərsə, orucu batildir, qəza və kəffarə də ona vacibdir.

Əgər qüsl üçün vaxt olmadığını bilsə və özünü cünub etsə, yaxud vaxt ola-ola qəsdən vaxt daralıncaya qədər qüslü təxirə salsa, günahkar olmasına baxmayaraq təyəmmüm etsə, orucu səhihdir.

Ramazan ayı gecəsində cünub olan şəxs, yatdığı təqdirdə, sübhə qədər oyana bilməyəcəyini bilərsə, ehtiyat vacibə görə qüsl etmədən yatmamalıdır. Əgər qüsl etməzdən qabaq ixtiyari olaraq yatsa və sübhə qədər oyanmasa, o günün orucunu tamamlamalıdır, qəza və kəffarə də ona vacib olur.

Cünub olan bir şəxs, Ramazan ayı gecəsində yatıb sonra oyanarsa, belə ki, yenidən yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına ehtimal versə, yata bilər.

Ramazan ayı gecəsində cünub olan bir şəxs, yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına yəqini olsa, yaxud əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə qərarında olub, bu qərarla yatarsa və sübhə qədər yuxudan ayılmazsa, orucu səhihdir.

Ramazan ayı gecəsində cünub olan və yatacağı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olmayan şəxs oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə olarsa, əgər yatarsa və sübh azanına qədər oyanmazsa, ehtiyata əsasən o orucun qəzası ona vacib olur.

Ramazan ayı gecəsində cünub olan və yatarsa, sübh azanından qabaq oyanacağına əmin olan və ya ehtimal verən bir şəxs, oyanacağından sonra qüsl etmək istəməzsə, əgər yatarsa və sonra oyanmazsa, o günün orucunu tamamlamalıdır, qəza etməsi və kəffarə də verməsi lazımdır. Oyanacağından sonra qüsl edib-etməmək barəsində tərəddüdü olduğu təqdirdə də lazım ehtiyat odur ki, eyni hökmü daşıyır.

Cünub olan bir şəxs, Ramazan ayı gecəsində (bir dəfə) yatıb-oyandıqdan sonra ikinci dəfə yatacağı təqdirdə, sübh azanından qabaq oyanacağına əmin olarsa və ya ehtimal verərsə, habelə, oyandıqdan sonra qüsl etmək qərarında olarsa, belə ki, yenidən yatsa və sübh azanına qədər oyanmasa, o günün orucunu qəza etməlidir. Əgər ikinci yuxudan oyandıqdan sonra üçüncü dəfə yatıb, sübh azanına qədər oyanmazsa, o günün orucunu qəza etməlidir, kəffarə də verməsi ehtiyat müstəhəbdir.

İnsanın mühtəlim olması baş verən yuxu, birinci yuxu hesab olunur. Buna əsasən, əgər oyandıqdan sonra yenidən yatsa və sübh azanına qədər oyanmasa, əvvəlki məsələdə deyildiyi kimi, gərək o günün orucunu qəza etsin.

Əgər oruc tutan gündüz mühtəlim olsa, dərhal qüsl etməsi vacib deyil.

Ramazan ayında, sübh azanından sonra oyanıb mühtəlim olduğunu görərsə, azandan qabaq mühtəlim olduğunu anlasa belə, orucu səhihdir.

Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh azanından sonra oyanıb, mühtəlim olduğunu görərsə və sübh azanından qabaq mühtəlim olduğunu anlayarsa, o günü Ramazan ayı orucunun qəzası niyyəti ilə oruc tuta bilər.

Əgər qadın sübh azanından əvvəl heyz, yaxud nifasdan pak olsa və qəsdən qüsl etməsə və ya vəzifəsi təyəmmüm olduğu halda təyəmmüm etməsə, gərək o günün orucunu tamamlasın, qəzasını da tutsun. Ramazan ayının qəzasında da qəsdən qüsl və ya təyəmmüm etməsə, ehtiyat vacibə görə o günü oruc tuta bilməz.

Ramazan ayı gecəsində heyz və ya nifasdan pak olsa, vaxt daralıncaya qədər qəsdən qüsl etməsə, gərək təyəmmüm etsin, (bu halda) o günün orucu səhihdir.

Əgər qadın, sübh azanından əvvəl Ramazan ayında heyz, yaxud nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, gərək təyəmmüm etsin, amma sübh azanına kimi oyaq qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü belədir.

Əgər qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak olsa və qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmazsa, orucu səhihdir.

Əgər qadın, sübh azanından sonra heyz və nifas qanından pak olsa, yaxud gün arasında heyz ya nifas qanı görsə, axşama yaxın olsa da orucu batildir.

Əgər qadın, heyz, yaxud nifas qüslünü unutsa, bir, ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir.

Əgər qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas qanından pak olsa və qüsl etməkdə səhlənkarlıq edib, sübh azanına qədər qüsl etməzsə və vaxt daraldığı zaman təyəmmüm də etməzsə, o günün orucunu tamamlamalı, qəzasını da etməlidir. Amma əgər səhlənkarlıq etməzsə və məsələn; qadınlar hamamının açılmasını gözləyərsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq etməzsə, orucu səhihdir.

Kəsirə istihazəli olan qadın, hərçənd boynuna vacib olan qüslləri istihazə hökmlərinə, 394-cü məsələsində deyildiyi şəkildə əməl etməsə də belə, orucu səhihdir. Həmçinin mütəvəssitə istihazəli qadın qüsl etməsə belə, orucu səhihdir.

Məss-meyyit edən şəxs, yəni bədəninin bir yerini meyyitin bədəninə toxunduran məssi-meyyit qüslü etmədən oruc tuta bilər, əgər oruc halında meyyitə məss etsə də, orucu batil olmaz.

7. İmalə etmək (klizma)
redaktə

Axıcı şeylə imalə etmək, çarəsizlik və müalicə üzündən də olsa, orucu batil edər.

8. Qusmaq
redaktə

Hərgah oruc tutan qəsdən qussa, əgər xəstəlik və bu kimi səbəblərin çarəsizliyindən olsa da, orucu batildir. Amma əgər ixtiyarsız və ya səhvən qussa, eybi yoxdur.

Əgər gecə, gündüz qusacağına səbəb olmasını bildiyi bir şeyi yeyərsə, orucu səhihdir.

Əgər oruc tutan qusmasının qarşısını ala bilsə, əgər onun təbinə hadis olmuşsa, qarşısını alması lazım (vacib) deyil.

Oruc tutan kimsənin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və orucu da səhihdir. Amma əgər bu qədər aşağı getməmişsə, qusmaq belə lazımsa, onu xaricə çıxarmalıdır. Amma əgər qusmanın ona zərəri, ya da artıq məşəqqəti olsa, xaricə çıxarması lazım deyil. Bu halda əgər onu qusaraq çıxarmazsa və udarsa orucu batil olur. Əgər onu qusaraq çıxarsa da orucu batil olur.

Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu mədəsinə daxil edəcəyi təqdirdə artıq yeyilmək adlanmayacaq qədər aşağı enmişsə, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir.

Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, bu, qusmaq adlanacaq tərzdədirsə, gərək qəsdən gəyirməsin, amma əgər yəqini olmasa, eybi yoxdur.

Əgər oruc tutan bir şəxs, gəyirdiyi zaman boğazına və ya ağzına bir şey gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir.

Orucu batil edən şeylərin hökmləri

redaktə

Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs, əgər 1602-ci məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma əgər insan, orucu batil edən şeylərdən bəzisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə səhlənkarlıq etməzsə, və bu barədə bir şübhəsi də olmasa ya da, şəri bir dəlilə istinadı olsa və o işi görərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz.

Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini yerinə yetirsə və belə xəyal etsə ki, orucu batil olubdur və qəsdən ikinci dəfə o işlərdən görsə, keçən məsələdəki hökm ona da aid olar.

Əgər oruc tutan bir şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Amma əgər onu, orucunu yemək, içmək və ya cima ilə pozmağa məcbur etsələr, məsələn; əgər ona "yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik" desələr, o da zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar. Bu üç şeydən başqalarında da ehtiyat vacibə görə batil olur.

Oruc tutan, kiminsə bir şeyi onun boğazına tökəcəyini, ya özünün orucunu batil edəcəyinə məcbur olunacağını bildiyi yerə gərək getməsin. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdən görsə, onun orucu batil olar. Əgər boğazına zorla bir şey tökərlərsə, lazım ehtiyata əsasən, eyni hökmü daşıyır.

Oruc tutana məkruh olan şeylər

redaktə

Bir neçə şey oruc tutan üçün məkruhdur. Bunlar aşağıdakılardır:

1. Dadı və ya qoxusu boğaza yetişdiyi təqdirdə gözə dərman tökmək və gözə sürmə çəkmək.

2. Qan almaq və hamama getmək kimi zəifliyə səbəb olan hər bir iş.

3. Buruna dərman tökmək–əgər boğazına çatmasını bilməsə; və əgər boğaza çatacağını bilsə, caiz deyildir.

4. Ətirli bitkiləri iyləmək.

5. Qadının suda oturması.

6. Fitil işlətmək.

7. Bədəndə olan paltarı islatmaq.

8. Diş çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək.

9. Yaş çöplə dişləri təmizləmək.

10. Lüzumsuz olaraq ağıza su, ya bu kimi axan şey almaq.

Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün, ya şəhvətini qaldıran hər hansı bir iş görsün.

Qəza və kəffarə vacib olan hallar

redaktə

Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya ([[sübh azanı]]na qədər) cünub qalması ilə batil edərsə (pozarsa), bunu öz ixtiyarı və iradəsi ilə qəsdən edib, məcburiyyət və çarəsizlik üzündən olmasa, qəza etməyə əlavə olaraq kəffarə də ona vacib olur. Amma bu söylənənlərdən qeyrisi ilə pozarsa, qəza etməyə əlavə olaraq kəffarə də verməsi ehtiyat-müstəhəbdir.

Əgər bir şəxs, bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq etiqadı olduğu halda edərsə, ona kəffarəvacib olmaz. Həmçinin, həddi-büluğun əvvəllərində olan uşaqlar kimi, orucun onlara vacib olduğunu bilməyənlərin də hökmü eynidir.

Orucun kəffarəsi

redaktə

Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən dörddə üç kiloqram) təam yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir. Amma vacib-ehtiyata əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir.

Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs, gərək bir ayı bütün və sonrakı ayın bir gününü ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur.

İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs, ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutulması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.

Ardıcıl olaraq oruc tutmalı olan bir şəxs, əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən ardıcıl tutmalıdır.

Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi, qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyildir. Üzrün aradan qalxmasından sonra orucların qalanını yerinə yetirər.

Əgər orucunu haram şeylə batil etmişsə, istər o şey şərab və zina kimi əslində (zatən) haram olsun, istərsə də insana külli zərər yetirən halal xörəyi yemək və ya öz əyalı ilə heyz halında yaxınlıq etmək kimi müəyyən bir səbəb üzündən haram olsun, bir kəffarə kifayətdir, amma müstəhəb ehtiyat odur ki, cəm kəffarəsi versin, yəni bir qul azad etsin, iki ay oruc tutsun və altmış fəqiri doydursun, yaxud onların hər birinə bir müdd miqdarında buğda, arpa, çörək və bu kimi şeylər versin. Əgər hər üçü ona mümkün olmasa, onların hər hansı biri mümkündürsə, onu da yerinə yetirsin.

Əgər oruc tutan, Allaha və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm)-ə qəsdən yalan nisbət versə kəffarəsi yoxdur, amma müstəhəb ehtiyat odur ki, kəffarə versin.

Əgər oruc tutan Ramazan ayının bir günündə bir neçə dəfə yeyib içə və ya cima, yaxud istimna etsə, onların hamısı üçün bir kəffarə vacibdir.

Əgər oruc tutan cima və istimnadan başqa, orucu batil edən işlərdən birini görsə, sonra isə öz halalı ilə yaxınlıq etsə, hər ikisi üçün bir kəffarə kifayətdir.

Əgər oruc tutan, orucu batil edən halal işlərdən birini görsə, məsələn su içə və sonra orucu batil edən haram bir işi görsə, məsələn, haram yemək yesə, (hər ikisi üçün) bir kəffarə kifayətdir.

Əgər oruc tutan şəxs, gəyirmək vasitəsilə ağzına gələn bir şeyi qəsdən udarsa, ehtiyat vacibə görə orucu batil olur. Onun qəzasını tutacağı kimi, kəffarə də ona vacib olur. Əgər o şey yeyilməsi haram olan bir şeydirsə, məsələn, gəyirdiyi zaman ağzına qan və ya yemək halından çıxmış bir yemək maddəsi gələrsə və o, onu udarsa, yaxşı olar ki, cəm kəffarəsi versin.

Müəyyən bir gündə oruc olacağını nəzr etsə, əgər o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzrin pozması kəffarəsində izah olunacaq.

Əgər oruc tutan, sözünə əmin olmadığı bir şəxsin "iftar oldu" deməsi ilə orucunu yeyərsə, sonra da iftar olmadığını bilərsə və ya iftar olub-olmadığında şəkk edərsə, qəza və kəffarə ona vacib olur. Əgər onun sözünün höccət olmasına etiqadı varmışsa yalnız qəza etməsi lazımdır.

Qəsdən orucunu batil edən şəxs, əgər zöhrdən sonra səfərə çıxsa, yaxud kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta əgər günortadan əvvəl bir müsafirət onun qarşısına çıxsa, ona kəffarə yenə də vacibdir.

Oruc tutan şəxs, qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya xəstəlik kimi bir üzrlə qarşılaşarsa, kəffarə verməsi ehtiyat-müstəhəbdir, xüsüsilə dərman vasitəsilə heyz, yaxud xəstəliyi icad etmiş olarsa.

Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə, sonra Şəbanın son günü olması məlum olsa, ona kəffarə vacib deyildir.

Əgər insan, Ramazanın son günü, yoxsa Şəvval ayının əvvəl günü olduğunda şəkk etdiyi bir gündə, qəsdən orucunu pozarsa, belə ki, sonradan Şəvvalın əvvəl günü olduğu məlum olarsa, ona kəffarə vacib olmaz.

Oruc tutan şəxs, Ramazan ayında oruc olan xanımı ilə cima edərsə, belə ki, xanımını bu işə məcbur etmişdirsə, həm özünün kəffarəsini, həm də ehtiyata əsasən xanımının kəffarəsini verməlidir. Əgər xanımı cimaya razı olmuşdursa, hər birinə bir kəffarə vacib olur.

Əgər bir qadın oruc tutan ərini özü ilə cimaya məcbur etsə, vacib deyildir ki, ərinin orucunun kəffarəsini versin.

Əgər oruc tutan Ramazan ayında öz arvadını cimaya məcbur etsə və cimanın arasında arvadı razı olsa, hər birinə bir kəffarə vacib olur. Müstəhəb ehtiyat odur ki, kişi iki kəffarə versin.

Əgər oruc tutan, Mübarək Ramazan ayında oruc tutmuş və yatmış arvadı ilə cima etsə, bir kəffarə ona vacibdir və arvadın orucu səhihdir, kəffarə də ona vacib deyildir.

Əgər kişi öz arvadını, yaxud arvad öz kişisini cimadan başqa orucu batil edən işlərdən birini görməyə məcbur etsə, onların heç birinə kəffarə vacib deyildir.

Səfər, yaxud xəstəlik səbəbi ilə oruc tutmayan şəxs, öz oruc tutmuş arvadını cimaya vadar edə bilməz. Amma onu məcbur etsə, kişiyə kəffarə vacib deyil.

İnsan gərək kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməsin, amma lazım deyildir ki, dərhal onu yerinə yetirsin.

Əgər insana kəffarə vacib olsa və bir neçə il onu yerinə yetirməsə, ona bir şey əlavə edilməz.

Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan bir şəxs, əgər altmış fəqirin hamısını tapmağa imkanı olarsa, onların sayını azaldıb həmin qədər kəffarəni onlara verə bilməz, məsələn, otuz fəqirin hər birinə iki müdd təam verərək buna kifayət edə bilməz. Lakin, fəqirin hər bir əhli-əyalı üçün, səğir (kiçik) olsalar da, bir müdd təam o fəqirə verə bilər. Fəqir şəxs də ailənin vəkaləti və ya onlara (səğir olsa) vilayət (qəyyumluq) haqqına əsasən, qəbul edə bilər. Əgər altmış nəfər fəqir tapa bilməsə, məsələn, əgər təkcə otuz nəfər fəqir tapsa, hər birinə iki müdd təam verə bilər. Amma ehtiyat vacibə görə hər vaxt imkanı olsa, digər otuz fəqir də hər birinə bir müdd təam versin.

Ramazan ayının orucunun qəzasını tutan şəxs, əgər zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birini görsə, gərək on fəqirin hər birinə bir müdd təam versin və əgər verə bilməsə, üç gün oruc tutsun.

Orucun ancaq qəzasi vacib olan yerlər

redaktə

Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) ancaq orucun qəzası insana vacibdirkəffarə vacib deyildir:

1. Ramazan ayı gecəsində cünub olan şəxsə, 1602-ci məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan durmasa.

2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti də etməsin, ya riya etsin, ya oruc olmamasını qəsd etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə, 1551-ci məsələdə deyilənlərə əsasən;

3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün, ya bir neçə gün oruc tutarsa.

4. Ramazan ayında sübh olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu məlum olarsa;

5. "Sübh olmayıb" deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən sonra, sübh olduğu məlum olarsa;

6. Ona "sübh oldu" deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini xəyal etdiyi halda, özü də araşdırmadan orucu batil edən bir işi etdikdən sonra sübh olduğu məlum olarsa;

7. Sözü onun üçün şərən höccət olan, yaxud səhvən onun verdiyi xəbərin höccət olmasına inanan bir şəxsin sözünə əsasən iftar edərsə və sonra iftar vaxtı olmadığı məlum olarsa;

8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ iftar vaxtı olmadığı məlum olarsa; amma əgər buludlu və bu kimi bir havada axşam olduğunu zənn edib iftar edərsə, sonradan axşam olmadığını anlayarsa, o orucu qəza etməsinin vacib olması ehtiyata əsasəndir.

9. Susuzluq cəhətindən məzməzə edərsə, yəni, ağzında suyu dolandırarsa və bu əsnada ixtiyarsız olaraq udarsa, amma əgər oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin müstəhəb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq suyu udarsa, qəzası yoxdur.

10. Bir kəs ikrah (məcbur edilmə), ya zərurət, ya təqiyyə cəhətindən iftar etsə və ikrah və təqiyyə cəhətindən yemək, içmək və cima hallarında olsa; həmçinin bunlardan qeyrisində ehtiyat vacibə əsasən (qəza vacibdir).

Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, yaxud suyu burnuna çəksə və ixtiyarsız udsa, qəza ona vacib deyildir.

Çox məzməzə etmək, oruc olan şəxs üçün məkruhdur. Əgər məzməzə etdikdən sonra ağzının suyunu udmaq istəyərsə, ağzının suyunu üç dəfə çölə tökməsi daha yaxşıdır.

Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq, yaxud unutduğuna görə boğazına su gedəcəyini bilsə, məzməzə etməməlidir, amma əgər bu halda məzməzə etsə, su boğazına getməsə, ehtiyat vacibə görə onun qəzası lazımdır.

Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir.

İnsan axşam olub-olmadığında şəkk edərsə, iftar edə bilməz. Amma əgər sübh olub-olmadığında şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir iş görə bilər.

Qəza orucunun hökmləri

redaktə

Dəli olan şəxs ağıllanarsa, dəlilik zamanında tutmadığı orucları qəza etməsi vacib deyildir.

Əgər kafir, müsəlman olsa vacib deyildir ki, kafir olduğu vaxtın orucunun qəzasını tutsun. Amma əgər bir müsəlman kafir olsa və ikinci dəfə dönüb müsəlman olsa, gərək kafir olduğu günlərin orucunun qəzasını tutsun.

Sərxoşluq səbəbindən tutulmayan oruc, qəza edilməlidir. (Hətta məstedici olan şey müalicə üçün qəbul olunsa belə.)

Üzrlü olduğu üçün bir neçə gün oruc tuta bilməyən şəxs, sonradan üzrünün nə zaman aradan qalxdığında şəkk edərsə, ehtimal verdiyi çox miqdarın qəzasını etməsi vacib deyildir. Məsələn; Ramazandan qabaq səfərə çıxıb, Ramazanın beşinci günü, yoxsa altıncı günü səfərdən qayıtdığını bilməzsə və ya məsələn; Ramazanın sonunda səfərə çıxıb, Ramazandan sonra müsafirətdən qayıdarsa, amma Ramazanın iyirmi beşində, yoxsa iyirmi altısında səfərə çıxdığını bilməzsə, hərçənd çox miqdarı, yəni altı günü qəza etmək ehtiyat-müstəhəb olsa belə, hər iki təqdirdə, ən azı, yəni beş günü qəza edə bilər.

Əgər bir neçə Ramazan ayından qəza orucu qalsa, şəxs hansının qəzasını əvvəl tutsa, maneçiliyi yoxdur. Amma əgər sonuncu Ramazanın qəzasının vaxtı dar olsa, məsələn; sonuncu Ramazan ayından beş gün qəzası qalmış olsa və beş gün də Ramazan ayına qalarsa, daha yaxşısı odur ki, əvvəl sonuncu Ramazanın qəzasını tutsun.

Boynunda bir neçə Ramazan ayı orucunun qəzası vacib olan bir şəxs, tutduğu orucun hansı Ramazanın qəzası olduğunu müəyyən etməzsə, son ilin Ramazanın qəzası olaraq hesab olunmaz ki, nəticədə təxir kəffarəsi ondan götürülsün.

Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən qabaq orucunu batil edə bilər, amma əgər orucunun qəzasının vaxtı dar olsa, daha yaxşı odur ki, batil etməsin.

Daha yaxşı olar ki, meyyitin qəza orucunu tutmuş olan şəxs zöhrdən sonra orucunu batil etməsin.

Əgər şəxs xəstəlik, heyz, yaxud nifas səbəbindən Ramazan ayının orucunu tutmasa və tutmadığı orucları qəza edə biləcək bir zaman keçməmişdən əvvəl ölərsə, o orucların qəzası yoxdur.

Əgər şəxs, bir xəstəlik üzündən Ramazan orucunu tutmasa və onun xəstəliyi gələn ilin Ramazanına qədər uzansa, tutmadığı orucların qəzası ona vacib deyil və gərək hər gününə bir müdd təam, yəni buğda, arpa, çörək və bu kimi şeylər fəqirə versin. Amma başqa bir üzrə görə, məsələn; səfərə çıxdığı üçün oruc tutmasa və onun üzrü gələn orucluğa kimi qalsa, tutmadığı orucları qəza etməlidir və vacib ehtiyat odur ki, hər bir gün üçün də fəqirə bir müdd təam versin.

Xəstəlik səbəbindən Ramazan orucunu tutmayan bir şəxsin xəstəliyi, Ramazandan sonra sağalsa, amma sonra başqa bir üzrün çıxması nəticəsində sonrakı Ramazana qədər qəzasını tuta bilməzsə, tutmadığı orucları qəza etməlidir və ehtiyat vacibə əsasən hər gün üçün bir müdd təam da fəqirə verməlidir. Həmçinin əgər Ramazan ayında xəstəlikdən qeyri bir üzrü olsa və Ramazandan sonra o üzr aradan qalxarsa, xəstəlik səbəbindən bu orucların qəzasını gələcək Ramazana qədər tuta bilməzsə, hökm eynidir.

Əgər Ramazan ayında bir üzrə görə oruc tutmasa, Ramazandan sonra üzrü aradan getsə və gələn orucluğa kimi qəsdən qəza orucunu tutmasa, gərək orucunu qəza etsin və hər bir gün üçün də fəqirə bir müdd təam versin.

Əgər orucun qəzasında səhlənkarlıq etsə və vaxt dar olsa və vaxt darlığında bir üzr peyda olsa, gərək qəzasını tutsun və ehtiyat vacibə əsasən, hər bir gün üçün fəqirə bir müdd təam versin. Üzrü aradan gedəndən sonra oruclarını qəza etməyi qərara alan, amma qəza etməzdən qabaq vaxt darlığında üzr peyda olanın da hökmü bu cürdür.

Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağaldıqdan sonra axırıncı Ramazanın qəzasını tutmalı və əvvəlki illərin hər bir günü üçün fəqirə bir müdd təam verməlidir.

Hər gün üçün fəqirə bir müdd təam verməli olan şəxs, bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.

Ramazan orucunu bir neçə il təxirə salsa, gərək qəza etsin. Əvvəlki illərin təxirinə görə, hər bir gün üçün fəqirə bir müdd təam verməlidir. Amma sonrakı neçə illərin təxiri üçün ona heç bir şey vacib deyil.

Əgər Ramazan orucunu qəsdən tutmasa, gərək onun qəzasını yerinə yetirsin və hər bir günü üçün iki ay oruc tutsun ya altmış fəqirə təam versin, yaxud bir qul azad etsin. Belə ki, gələn Ramazana kimi o orucun qəzasını yerinə yetirməsə, lazım ehtiyata əsasən, hər gün üçün bir müdd təam da kəffarə olaraq fəqirə verməlidir.

Əgər Ramazan orucunu qəsdən tutmasa və gündə neçə dəfə cima, ya istimna etsə, kəffarə təkrar olunmayacaq. Həmçinin əgər orucu batil edən digər işlərdən bir neçə dəfə görsə, məsələn; bir neçə dəfə xörək yesə, bir kəffarə kifayətdir.

Ata vəfat edəndən sonra ən böyük oğul, gərək lazım ehtiyata əsasən onun qəza orucunu, namaz hökmündə deyilən qayda ilə əmələ gətirsin və əgər vərəsələr razı olsa, hətta meyyitin malından belə hər gün üçün bir müdd təam fəqirə versin.

Əgər ata Ramazan orucundan başqa digər vacib orucu tutmasa, yaxud əcir olub tutmasa, onun qəzası böyük oğula lazım (vacib) deyildir.

Müsafirin orucunun hökmləri

redaktə

Səfərdə dörd rükətli namazları iki rükət qılmalı olan müsafir gərək oruc tutmasın. Namazını tamam qılan müsafir, peşəsi səfər olan və ya səfəri günah səfəri olan şəxs kimi gərək səfərdə oruc tutsun.

Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu, orucdan boyun qaçırtmaq üçün olsa, məkruhdur və həmçinin Ramazan ayında mütləq səfər həmin hökümdədir. Həcc, ümrə və digər zəruriyyət səbəbindən olan səfərlər istisnadır.

Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, belə ki, icarə, ya bu kimi şeylə vacib olmuş olsa, ya etikafın üçüncü günü olsa, o gündə səfər edə bilməz və əgər səfərdə olsa, belə ki, mümkündürsə, gərək on gün bir yerdə qalmaq qəsdi etsin və o günü oruc tutsun. Amma əgər o günün orucu, nəzirlə vacib olmuş olsa, zahir budur ki, o gün səfər etməyi caizdir və qəsdi-iqamət (on gün dayanmaq məqsədi) vacib deyildir. Hərçənd daha yaxşı odur ki, əlacsız olmayana kimi səfər etməsin və əgər səfərdədirsə, qəsdi-iqamət etsin. Amma əgər and içmək və ya əhd etməklə vacib olubsa, ehtiyat vacibə görə gərək səfər etməsin, əgər səfərdə olsa, qəsdi-iqamət etsin.

Əgər şəxs müstəhəb oruc tutmasını nəzir etsə və gününü müəyyən etməsə, onu səfərdə yerinə yetirə bilməz. Amma səfərdə müəyyən bir gündə oruc olacağını nəzir etsə, gərək onu səfərdə yerinə yetirsin, həmçinin, müəyyən bir gündə, istər səfərdə olsun, ya olmasın, oruc tutacağını nəzir etsə, gərək o gün səfərdə də olsa, oruc tutsun.

Müsafir hacət istəməkdən ötrü Mədineyi-təyyibədə üç gün müstəhəb oruc tuta bilər, əhvət budur ki, o üç gün çərşənbə (III – gün), cümə axşamı (IV – gün) və cümə (V – gün) günü olsun.

Müsafirin orucunun batil olmasını bilməyən şəxs, əgər səfərdə oruc tutsa və gün ərzində məsələni başa düşsə, orucu batil olar və əgər axşama kimi başa düşməsə, orucu səhihdir.

Əgər müsafir, müsafir olduğunu unutsa, ya müsafir orucunun batil olmasını unutsa və səfərdə oruc tutsa, orucu ehtiyata əsasən batildir.

Əgər oruc tutan zöhrdən sonra səfər etsə, gərək ehtiyata əsasən orucunu tamamlasın, bu halda onun qəzası lazım deyil. Əgər zöhrdən qabaq səfər etsə, ehtiyat vacibə görə xüsusilə gecədən səfər niyyəti olsa, o günü oruc tuta bilməz. Amma bütün hallarda gərək, həddi-tərəxxüsə yetişməzdən əvvəl orucu batil edən bir iş görməsin. Əks təqdirdə, ona kəffarə vacib olar.

Müsafir, zöhrdən əvvəl vətəninə və ya on gün qalmaq istədiyi bir yerə yetişərsə, istər fəcrdən əvvəl səfərə çıxsın, istərsə də oruc tutub səfərə çıxmış olsun, əgər orucu batil edən bir iş görməmişdirsə, ehtiyat vacəbə əsasən o gün oruc tutmalıdır, bu halda onun qəzası yoxdur. Əgər orucu batil edən bir iş görmüşdürsə, o günün orucu ona vacib deyildir, gərək (sonradan) onu qəza etsin.

Əgər müsafir zöhrdən sonra öz vətəninə, ya on gün qalmaq istədiyi bir yerə yetişsə, günün orucu ehtiyat vacibə görə batildir və onu qəza etməlidir.

Müsafir və oruc tutmağa üzrü olan bir kəsin Ramazan ayı günü cima etməsi, yemək və içməklə özünü tam doydurması məkruhdur.

Oruc tutmasi ona vacib olmayan şəxslər

redaktə

Məsələ 1696: Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə oruc tutmaq vacib deyildir. Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam (buğda, arpa, ya çörək və ya bu kimi şeylər) versin.

Qocalığa görə oruc tutmayan şəxs, əgər Ramazan ayından sonra oruc tuta bilsə, müstəhəb ehtiyat odur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin.

Əgər insanda susuzluq xəstəliyi olsa və bu susuzluğa dözə bilməsə, ya ona çox çətin olsa, oruc ona vacib deyildir. Amma ikinci surətdə gərək hər gün üçün yoxsula bir müdd təam versin. Əgər sonradan tuta bilsə, qəza etməsi vacib deyil.

Doğum vaxtı yaxınlaşan qadının özünə ya həmlinə oruc zərər yetirsə, oruc ona vacib deyildir, gərək hər gün üçün fəqirə bir müdd təam versin və gərək hər iki halda tutmadığı orucların qəzasını tutsun.

Uşağa süd verən qadının, istər uşağın anası olsun, istər dayəsi və istərsə ücrətsiz süd versin, südü az olsa və oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərər verərsə, oruc tutmaq ona vacib deyildir. Hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda tutmadığı orucları gərək qəza etsin. Amma ehtiyat vacibə əsasən bu hökm, uşağa ancaq bu yol ilə süd verməyə aiddir, amma uşağa başqa yol ilə süd vermək mümkündürsə, məsələn; uşağa süd verməkdə bir neçə qadın iştirak etsə, yaxud əmzik və şüşə qab ilə süd vermək mümkün olsa, bu hökmün sübut olunması işkallıdır.

Orucun fəziləti

redaktə

Peyğəmbər (s.a.s) demişdir: "Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər…" (əl-Buxari, 1896). "Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır" (əl-Buxarı, 1901).

• Oruc tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir. Peyğəmbər (s.a.s) demişdir: "Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: "Mən oruc tutmuşam"" desin (əl-Buxari, 1894). Peyğəmbər (s.a.s) deyib: "Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur" (əl-Buxari, 1903).

• Orucu pozan şeylər: qəsdən qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.

• Orucu pozmayan şeylər: ətir vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, dili ilə yeməyin dadını öyrənmək, sürmə vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın tibbi yoxlama üçün verilməsi caizdir.

Qədr gecəsi: Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.

• Hər bir müsəlman Ramazanın axırında fitrə-zəkat verməlidir: bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.).

Bayram namazı: orucluğun qurtarmasından sonra, səhəri gün qılınır. Oruc tutanın, iftarını açarkən etdiyi dua:

Zəhəbə-z-zəməu vabtəlləti-l-uruq va səbətə-l-əcr in şəAllah (Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi).

Allahummə inni əsəlukə birahmətikə-l-ləti vasiat kullə şeyin ən təğfira li (Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).

Orucun hökmü

•Sual: Bütün oruclar eyni hökmdədirmi? Cavab: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür: — vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları; — qadağan olunmuş oruclar: Ramazan və qurban bayramlarında, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün,(Şaban ayının 30-u yoxsa Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin gün oruc tutmaq. ) həcc ziyarətində Ərafa günü,(Zil-Hiccə ayının 9-u.) təşriq günləri (Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.) tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tutmaq da bura daxildir; — müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri aylarının 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doqquz günü və hədislərdə varid olan başqa bu kimi oruclar; — məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc; — mübah oruclar: Müsafirin orucu;

Həmçinin bax

redaktə

Ədəbiyyat siyahısı

redaktə
  • Doç. Dr. İsmail Karagöz. Doç. Dr. Halil Altuntaş. ORUÇ İLMİHALİ. Diyanet İşleri Başkanlığı Yayınları. ANKARA — 2010. — 152 s. — ISBN 978-975-19-4332-3
  • Şeyhulislâm İbn Teymiyye Abdullah Ebâ Butayn. Muhammed b. İbrahim Âl Şeyh Abdurrahman es-Sa'dî. İbn Bâz. İbn Useymîn İbn Fevzân. İbn Cibrîn. Çeviren Dr. Ahmet İyibildiren. Kur'an ve Sünnetten Delilleri İle Sorulu Cevaplı ORUÇ İLMİHALİ. Cağaloğlu — İstanbul 2006. — 743 s. — ISBN 975-8810-30-8
  • Lütfi ŞENTÜRK. Seyfettin YAZICI. İSLAM İLMİHALİ. Diyanet İşleri Başkanlığı Yayınları. Ankara 2019. — 597 s. — ISBN 978-975-19-6769-5

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024