Vikipediya:Ödənişli redaktorluq
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 23 oktyabr 2021 — 7 noyabr 2021
- Qüvvədədir: 7 noyabr 2021-ci ildən
Ödənişli redaktorluq, pul və ya başqa şeylər müqabilində Vikipediyada redaktə etmək deməkdir. Buna məqalələr və müzakirə səhifələri də daxil olmaqla hər hansı bir səhifəyə məzmun əlavə etmək və ya silmək daxildir.
Vikipediyadakı redaktələrinizə görə ödəniş alırsınızsa və ya alacağınızı düşünürsünüzsə, redaktə etmək üçün sizə kimin pul ödədiyini ("işəgötürəniniz"), müştərinin kim olduğunu və digər əlaqəli rolu və ya əlaqəni açıqlamalısınız. Birbaşa müştəri tərəfindən ödənilməsinin və ya müştəri adına dolayı yolla işəgötürən tərəfindən ödənilməsinin əhəmiyyəti yoxdur. Azərbaycanca Vikipediyada etdiyi redaktələr və ya fəaliyyətlər üçün ödəniş alan redaktorlar həm Vikimedia Fondunun İstifadə Şərtlərinə, həm də Azərbaycanca Vikipediyanın yerli siyasət və qaydalarına əməl etmək məcburiyyətindədirlər.
Vikimedia Fondunun İstifadə Şərtləri
Bu bölmədə Vikimedia Fondunun bütün veb saytları üçün İstifadə Şərtlərindəki ödənişli töhfələrin açıqlanması siyasəti izah edilmişdir. |
Vikimedia Fondunun İstifadə Şərtləri, bütün redaktorlardan "ödəniş aldıqları və ya alacaqları hər hansı bir redaktə ilə əlaqədar işəgötürəni, müştərini və mənsubiyyəti" açıqlamasını tələb edir:
Açıqlanmayan ödənişli redaktələr
Bu İstifadə Şərtləri, mənsubiyyətin yanlış təqdim edilməsi, təqlid etmə və fırıldaqçılıq da daxil olmaqla aldadıcı fəaliyyətlə məşğul olmağı qadağan edir. Bu öhdəliklərin bir hissəsi olaraq, ödəniş aldığınız və ya alacağını gözlədiyiniz hər hansı bir redaktə ilə əlaqədar işəgötürəninizi, müştərinizi və mənsubiyyətinizi açıqlamalısınız. Bu açıqlamanı ən azından aşağıdakı yollardan birində etməlisiniz:
- istifadəçi səhifənizdə bir bəyanat,
- müzakirə səhifəsindəki hər hansı bir ödənişli redaktəni açıqlayan bir bəyanat və ya
- redaktə izahında ödənişli töhfələri açıqlayan bəyanat.
Tətbiq olunan qaydalar, ya da icma və Fond siyasət və qaydaları, məsələn, maraqların toqquşmasını həll etmək, ödənişli töhfələri daha da məhdudlaşdıra bilər və ya daha ətraflı açıqlama tələb edə bilər.
Vikimedia Layihə icması alternativ ödənişli redaktələrin açıqlanması siyasətini qəbul edə bilər. Bir Layihə alternativ bir açıqlama siyasəti qəbul edərsə, bu Layihədə redaktə edərkən bu bölmədəki tələblər yerinə bu siyasətə riayət edə bilərsiniz. Alternativ ödənişli redaktorluq siyasəti yalnız müvafiq Layihə icması tərəfindən təsdiq edildikdə və alternativ açıqlama siyasəti səhifəsində verildikdə bu tələbləri əvəz edəcək.
Yuxarıda göstərilənlər Vikimedia Fondunun (WMF) və Azərbaycanca Vikipediyanın qaydasıdır.
"İşəgötürən, müştəri və mənsubiyyət" sözlərinin mənası
Redaktorlar hər hansı bir ödənişli töhfə ilə əlaqəli olan işəgötürənini, müştərisini və mənsubiyyətini Vikipediyaya açıqlamalıdır.
- İşəgötürən: birbaşa və ya vasitəçilər vasitəsi ilə Vikipediyada redaktə etmək üçün istifadəçiyə ödəniş edən şəxs və ya təşkilat. İşəgötürənin istifadəçini işçi olaraq işə götürməsi, sərbəst müqavilə ilə istifadəçini məşğul etməsi, müqaviləsi olmayan istifadəçiyə kompensasiya ödəməsi və ya istifadəçinin başqa bir təşkilat tərəfindən işə götürülməsi yolu ilə istifadəçiyə kompensasiya ödəməsi halları daxildir.
- Müştəri: adından redaktələr edilən şəxs və ya təşkilat; müştəri tez-tez məqalənin mövzusu olur.
- Mənsubiyyət: ödənişli redaktə üçün mətn, şəkil və ya digər media təqdim edən insanlar və ya müəssisələr də daxil olmaqla, bununla məhdudlaşmayan digər əlaqələr. Ödənişli redaktor podratçı olaraq işləyirsə, "mənsubiyyət" əməliyyatda iştirak edən hər hansı bir brokerə aiddir (Fiverr, Upwork və s.).
- Redaktə: Vikipediyaya əlavə edilmiş və ya silinmiş hər hansı bir mətn və ya fayl, o cümlədən müzakirə səhifəsi və qaralama redaktələri və ödənişli redaktorların göstərişi ilə başqaları tərəfindən məqalələrə əlavə edilmiş və ya silinmiş məlumatlar.
- Ödəniş: pul, mal və ya xidmətlər daxildir, lakin bunlarla məhdudlaşmır.
Məsələn, Smith PR, Acme Widgets haqqında Vikipediya məzmunu üzərində işləmək üçün bir redaktora pul ödəyirsə, Smith PR bu redaktələrə görə redaktorun işəgötürənidir, Acme Widgets isə müştəridir. Redaktə üçün bir ictimaiyyətlə əlaqələr firması tərəfindən işə götürüldünüzsə, həm firmanı, həm də firmanın müştərisini açıqlamalısınız. Çox vaxt işəgötürən və müştəri eyni şəxsdir. Acme Widgets həmin şirkət haqqında məqalə yaratmaq üçün birbaşa redaktora pul ödəyirsə, Acme Widgets həm işəgötürən, həm də müştəridir.
Kimin açıqlaması lazım olduğuna dair əlavə qeydlər
Vikipediyadakı məqalələri ilə əlaqədar hər hansı bir reklam səyinə görə kompensasiya alan istifadəçilər, Vikipediyanı redaktə etmək üçün xüsusi olaraq kompensasiya aldıqlarından asılı olmayaraq ödənişli redaktorlar hesab olunurlar.
Təcrübəçilər bu məqsədlə işçi sayılırlar. Təcrübə çərçivəsində Vikipediyanı redaktə etmək istəsələr və ya gözləsələr, bunu açıqlamalıdırlar.
Necə açıqlanmalıdır?
Redaktələrinə görə kompensasiya alacaq redaktorlar işəgötürənini, müştərisini və mənsubiyyətini hər hansı bir ödənişli redaktə ilə əlaqədar açıqlamalıdır. Bunu əsasən istifadəçi səhifəsində və ya ödənişli redaktələri müşayiət edən müzakirə səhifəsində və ya redaktə izahlarında bəyan etməlidirlər.
İşəgötürənini, müştərisini və mənsubiyyətini açıqlamayan ödənişli redaktorların redaktə etməsi qadağandır. İnzibatçılar yuxarıda göstərildiyi kimi açıqlama verməyən istifadəçilərə İstifadə Şərtlərini pozduqları üçün müddətsiz blok tətbiq edə bilərlər.
Ödənişli redaktorun məzmunu saytdan kənarda və ya istifadəçi ad fəzasında yazması və sonra başqa bir redaktorun materialı onların adından əsas ad fəzasına (məqalə) köçürməsinin heç bir fərqi yoxdur. Hər iki redaktordan açıqlama tələb olunur.