Vikipediya:Vikipediya nə deyil?
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 25 mart – 10 aprel 2011-ci il.
- Qüvvədədir: 10 aprel 2011-ci ildən.
Vikipediya onlayn ensiklopediyadır və qarşılarına yüksək keyfiyyətli ensiklopediya yaratmaq vəzifəsi qoymuş könüllü istifadəçilərin əməyi hesabına inkişaf etdirilir. Vikipediya vikicəmiyyət üzvlərinin qarşılıqlı hörməti əsasında fəaliyyət göstərir. Vikipediyanın beş əsas prinsipini nəzərə alaraq bütün istifadəçilər bilməlidirlər ki, Vikipediya aşağıdakılar deyil:
Stil və format
Vikipediya kağız ensiklopediyası deyil
Vikipediya kağız ensiklopediyası deyil. Buradan belə çıxır ki, faktların etibarlılığı və bu səhifədə göstəriləcək digər prinsipləri pozmamaq şərti ilə mövzu sayına və məzmun həcminə heç bir məhdudiyyət yoxdur.
Bu qayda məqalə məzmunlarına sərbəstlik vermir. Məqalə məzmunu beş əsas prinsipə uyğun olmalıdır.
Həmçinin məqalələr oxunaqlı olmalı, dial-up və bəzi tip brauzerli istifadəçilərin ensiklopediyadan daha rahat istifadə edə bilmələri üçün müəyyən məntiqə uyğun hədd çərçivəsində olmalıdır (bax Vikipediya: Məqalə həcmləri). Müəyyən bir həddən sonra məqalələrin məzmunlarının təbii olaraq daha konkret başlıqlar altında bölünməsinə ehtiyac yaranır. Bu zaman məqalənin preambulasında onun qısa məzmunu qalır. Kağız-çap ensiklopediyalarında bəzi mövzular çox qısa, quru və ya yalnız statistik məlumatlar toplusu kimi göstərilmişdir. Vikipediyada kağıza qənaət etməyə ehtiyac olmadığı üçün burada istənilən mövzunu geniş şəkildə əks etdirmək, əlaqəli keçidlər göstərmək, məqalənin məzmununu vaxtaşırı yeniləmək və s. mümkündür.
Bu həm də o deməkdir ki, əlaqəli mövzuda məqalələri yalnız bir adın digərindən daha geniş şəkildə istifadə edildiyi üçün istiqamətləndirmə səhifələrindən istifadə etməklə birləşdirilməsinə ehtiyac yoxdur. Belə hallarda "Həmçinin bax" bölməsinə bu cür məqalə adlarını daxil etmək lazımdır ki, oxucu mövzu ilə əlaqədar bütün informasiya ilə tanış ola bilsin.
Vikipediya milli ensiklopediya deyil
Beş əsas prinsipdən biri olan neytral mövqe siyasətinə görə, Vikipediya heç bir millətin və ya dövlətin ensiklopediyası olaraq təyin edilə bilməz. Fərqli dillərdə bir çox Vikipediya layihəsi var və hamısı eyni məqsəd üçün bir araya gəlir. Bütün Vikipediya layihələrinin məzmunu əsasən eynidir, baxmayaraq ki, icmalarının müxtəlifliyi səbəbindən fərqli xüsusiyyətlərə və aspektlərə malikdir. Məzmunun fərqli dillərdə təqdim edilməsi onları həmin dillərlə əlaqəli xalqların və ya dövlətlərin ensiklopediyasına çevirmir.
Məzmun
Vikipediya məlumatların ağına-bozuna baxmadan yazıldığı toplu deyil; Hər hansı bir informasiyanın doğru və ya faydalı olması heç də bu informasiyanın mütləq ensiklopediyaya daxil edilməsinə haqq vermir. Həmçinin müəyyən tip məlumatların Vikipediyaya daxil edilməsi barəsində müzakirələrdə konsensusun yaranması üçün aşağıda göstərilən “Vikipediya nə deyil” qaydaları gözəl nümunədir.
Vikipediya lüğət deyil
Vikipediya lüğət və ya söz və jarqonların istifadəsi üçün məlumat kitabçası deyil. Vikipediya məqalələri aşağıdakılar deyil:
- Sözlərin mənasının ifadə edildiyi yer – Vikipediya lüğət olmadığı üçün hər hansısa bir terminin və ya sözün mənasını ifadə etmək üçün yeni bir məqalə yaratmaq lazım deyil. Bu cür ifadə yalnız məqalənin əvvəlində verilməlidir. Əgər sizin qarşınıza bu cür məzmunlu məqalə çıxarsa, çalışın onu ensiklopedik informasiyalar ilə zənginləşdirin. Bəzi hallarda söz və ifadə özü ensiklopedik məqalə mövzusu ola bilər. Həmçinin, rəqəmlər haqqında məqalələr də istisnadır.
- Sözlərin mənasının ifadə edildiyi siyahı – İstiqamətləndirmə səhifələrini və siyahıları çıxmaq şərti ilə sözlərin və ya ifadələrin mənaları göstərilmiş siyahılar da Vikipediyada olmamalıdır.
- Sözlərin yerlərinə görə istifadəsi və ya jarqon və frazeoloji ifadələrin işlədilməsi üçün məlumat kitabçası deyil – Vikipediya qarşısında bu və ya digər ifadənin nitqdə yerini müəyyənləşdirmək kimi vəzifələr qoymamışdır. Burada insanlara gözəl nitqin sirləri öyrədilmir. Lakin müəyyən hallarda ensiklopedik məqalə kontekstində bu və ya digər sözlərdən məna fərqi verməsi üçün harada istifadə edildiyi bildirilə bilər.
Həmçinin, Vikipediyanın bacı layihəsi – Vikilüğət də mövcuddur ki, məhz ondan lüğət kimi istifadə edə bilərsiniz.
Vikipediya şəxsi tədqiqat yeri deyil
Vikipediya sizin öz fikirlərinizi və analitik tədqiqat nəticələrini və ya yeni, əvvəllər heç bir yerdə çap olunmamış məlumatları yerləşdirməniz üçün yer deyildir. Buna görə də aşağıdakı tip məlumatların Vikipediyada yerləşdirilməsi qadağandır:
- İlkin (orijinal) tədqiqatın nəticələri, yəni yeni nəzəriyyələrin təqdim olunması, yeni həll yolları, orijinal ideyalar, mövcud terminlərə yeni təriflərin verilməsi, yeni yaradılmış terminlər və s. Əgər siz hər hansısa bir mövzuda orijinal tədqiqat aparmısınızsa, çalışın tədqiqatınızın nəticələrini tanınmış, etibarlılığı şübhə doğurmayan nəşrlərdə və ya internetdə məşhur portallarda yerləşdirəsiniz. Sizin işinizin nəticələri yalnız o zaman Vikipediyada görünəcək ki, o, hamı tərəfindən qəbul edilmiş məlumat olsun. Sözsüz ki, resenziyalı jurnallar Vikipediyanın yeganə informasiya mənbəyi deyil, lakin siz çalışmalısınız ki, sizin daxil etdiyiniz informasiya etibarlı mənbələrdən olsun və yoxlanıla bilsin. Sizin kitab və digər çap nəşrlərinə və ya mötəbər veb-resurslara istinad etməniz daxil etdiyiniz informasiyanın yalnız Sizin fikriniz olmadığına və onun etibarlılığına işarədir.
- Orijinal kəşf.. Əgər Siz elmə yeni bir termin və ya anlayış daxil etmisinizsə, yeni oyun qaydaları, yeni rəqs hərəkətləri və s. bu kimi orijinal kəşfləriniz barədə informasiyanı Vikipediyada saxlamaq istəyirsinizsə bu barədə başqa bir mötəbər mənbə məlumat verməlidir. Vikipediya "1 günlük ideyalar" üçün yer deyildir.
- Şəxsi esse deyildir ki, burada siz bu və ya digər mövzu ilə əlaqədar fikirlərinizi ifadə edəsiniz. Vikipediya bəşəriyyətin biliklərinin toplanılması üçün nəzərdə tutulmuşdur. Bu kiminsə şəxsi fikirlərini ümumbəşəri biliklərin tərkib hissəsi etmək üçün vasitə deyildir. Elə hallar ola bilər ki, hər hansı bir şəxsin fikirləri ümumi müzakirə mövzusu olsun. Arzuolunandır ki, bu cür fikirlər ikinci bir şəxs tərəfindən (müəllifin özü tərəfindən yox) yazılsın. Vikipediya barəsində şəxsi fikirlərinizi və ya bununla bağlı təkliflərinizi Metavikiyə bildirə bilərsiniz.
- Diskussiya forumları. Lütfən, daim yadınızda saxlayın ki, bizim məqsədimiz ensiklopediya yaratmaqdır. Siz öz həmkarlarınızla onların istifadəçi müzakirə səhifələrində danışa bilərsiniz. Məqalələrin müzakirə səhifələrində isə bu məqaləyə aid sualları müzakirə edin, lakin müzakirəni məqalənin özünə keçirməyin. Həmçinin, yadda saxlayın ki, müzakirə səhifələri məqalələri təkmilləşdirmək, məzmunu müzakirə etmək üçündür, məqalənin mövzusunu müzakirə etmək və ya texniki dəstək istəmək üçün yer deyildir. Bunun üçün Azvikidə Kənd meydanı və IRC kanalı mövcuddur.
- Jurnalistika. Vikipediya cari hadisələr barəsində ilkin mənbə rolunda çıxış etməməlidir. Vikipediya ilkin mənbə deyil. Bunun üçün Vikipediyanın bacı layihələrindən biri olan Vikixəbər mövcuddur və məhz ilkin informasiya mənbəyi olması üçün yaradılmışdır. Həmçinin, qeyd edilməlidir ki, Vikipediyada tarixi əhəmiyyətli cari hadisələr barəsində kifayət qədər ensiklopedik məqalələr mövcuddur ki, Vikipediyanın onlayn ensiklopediya olması belə məqalələri sürətlə yeniləməyə imkan verir.
Vikipediya azad tribuna (küçə tribunası) deyil
Vikipediya azad tribuna və ya bloq olmadığından; söhbət, müzakirə, təbliğat və ya reklam üçün ayrılmış yer deyil. Buna görə də Vikipediya məqalələri aşağıdakılar deyildir:
1. Təbliğat və ya nəyinsə tərəfini tutmaq məqsədilə çıxış. Əlbəttə ki, Vikipediyada bu cür çıxışlar haqqında obyektiv yazılar ola bilər – bu zaman Neytrallıq prinsipinə əməl etmək lazımdır. Əgər öz fikirlərinizin üstünlüklərini başqalarına göstərmək üçün bura gəlmisinizsə, bilin ki, Vikipediya sizin yeriniz deyil. Lütfən özünüzə bloq yaradın, forumlarda iştirak edin və ya bunun üçün başqa vasitələrdən istifadə edin.
2. Fərdi reklam yeri deyil. Özünüz haqqında və etdiyiniz işlər ilə əlaqədar yazsanız da yazdığınızın digər bütün maddələrdə olduğu kimi ensiklopedik standartlara uyğun şəkildə olmasının labüdlüyünü unutmayın. Neytrallıq prinsipinə xüsusi fikir verin. Ehtiyac olmadıqda avtobioqrafik məqalələrdə çoxlu miqdarda xarici keçidlər göstərməyin, bu qadağandır.
3. Reklam yeri deyil. Məhsullarla və ya şirkətlərlə əlaqədar məqalələr Neytrallıq prinsipinə uyğun şəkildə məlumat vermək üçün yazıla bilər. Bəhs edilən şirkətlər haqqında təkcə müəllifin deyil, digərlərinin də bilməsi, şirkətin Vikipediyaya düşməsi üçün əhəmiyyətli olması və tanınması da vacibdir. Həmçinin, daxil edilmiş informasiya üçüncü bir şəxs tərəfindən yoxlanıla bilməlidir. Yəni kiçik şirkətlər haqqında məqalələr yazmaq olmaz. Ticarət şirkətlərinə keçidlər yalnız məqalə ilə əlaqədar diqqət çəkən faktlar və ya iri kampaniyalara keçid verdikdə mümkündür. Vikipediya hər hansı bir şirkəti dəstəkləmir.
Vikipediya keçidlər, mediafayllar və ya şəkillər üçün kolleksiya deyil
Vikipediya nə istiqamətləndirmə səhifəsi, nə də şəkil və buna oxşar media fayllarını saxlanılması yeridir. Vikipediya məqalələri həmçinin aşağıdakılar deyil:
- Yalnız xarici keçidlərdən ibarət link kolleksiyası. Hər hansısa məqaləyə məqalənin mövzusuna uyğun bir neçə link əlavə etmək mümkündür. Lakin, həddən artıq xarici keçid vermək olmaz. Həmçinin bax: Vikipediya:Xarici keçidlər.
- Yalnız daxili keçidlərdən ibarət olan link kolleksiyaları. Qeyd olunmalıdır ki, buraya istiqamətləndirmə səhifələri aid deyil.
- Heç bir seçim aparılmadan İctimai varidatda olan materialların və informasiyanın kolleksiyası. Məsələn, kitabların bütün məzmunu, açıq proqramların kodları, tarixi sənədlər, məktublar, qanunların tam mətni, bəyannamələr və s. bu tip, ancaq orijinalda dəyəri olan materiallar. Bu cür informasiyaları VikiMənbədə yerləşdirə bilərsiniz. Lakin, o da qeyd edilməlidir ki, bu qaydaya əsaslanıb İctimai varidat hesab edilən (məsələn, 1911-ci ildə nəşr edilmiş Britannika ensiklopediyası) mənbələrdən Vikipediyaya ensiklopedik material daxil edilə bilməz. Həmçinin bax: Vikipediya:İlkin mənbədən məlumatları olduğu kimi köçürməyin.
- İzahedici yazı ilə müşayiət olunmayan, sadə şəkillər və ya media fayllar kolleksiyası. Əgər Siz şəkil və ya rəsm sərgiləmək istəyirsinizsə, lütfən bu şəkil haqqında ensiklopedik məlumat verin və Vikimedia Anbarına (Commons) əlavə edin.
Vikipediya bloq, pulsuz hostinq, sosial şəbəkə və xatirə saytı deyil
Vikipediya digər məşhur serverlər kimi Sizə bloq, sosial şəbəkə, şəxsi sayt yaratmaq və s. bu kimi imkanlar vermir. Vikipediya səhifələri həmçinin aşağıdakılar deyildir:
- Şəxsi səhifələr. Vikipediyanın zənginləşməsinə çalışan istifadəçilərin istifadəçi səhifələri vardır, lakin bu səhifələrdə verilən informasiya yalnız vikipediyadakı fəaliyyətə dair olmalıdır. Əgər Siz şəxsi səhifənizi və ya bloq yaratmaq istəyirsinizsə, lütfən bu cür xidmətlər göstərən serverlərin xidmətlərindən istifadə edin. İstifadəçi səhifələrinin məqsədi sosial şəbəkə, digər istifadəçilərlə əlaqə deyil, ensiklopediya üzərindəki fəaliyyəti daha da effektiv etmək üçün bazanın yaradılmasıdır
- Şəxsi fayl anbarı. Lütfən yalnız məqalələrdə istifadə edəcəyiniz faylları yükləyin. İstifadəsiz fayllar bir müddət sonra silinirlər. Əgər sizdə yararlı hesab etdiyiniz əlavə fayllar və şəkillər varsa lütfən onu Vikimedia Anbarına yükləyin, buradan Vikipediyaya keçid verilə bilər.
- Tanışlıq xidməti. Vikipediya tanışlıq məqsədi üçün istifadə edilməməlidir. İstifadəçi səhifələrində bu məqsədlə verilmiş informasiyanın üstünlük təşkil etməsi yolverilməzdir.
- Xatirə saytı. Vikipediyada yaxınlarınızın və dostlarınızın xatirəsi yad edilmir. Bu cür şəxslər haqqında yaradılmış məqalələr Şəxslərin ensiklopedik əhəmiyyəti kriteriyalarına uyğun olmalıdır.
Vikipediya kataloq deyil
Vikipediya bu vaxta kimi mövcud olmuş və ya mövcud olan şeylərin kataloqu deyildir. Vikipediya məqalələri aşağıdakılar deyildir:
- Zəif əlaqəli məlumatların siyahısı və ya anbarı. Belə məlumatlara nümunə sitatları, aforizmləri, uydurma və ya real personajlar haqqında məlumatlar aiddir. Sitatlarlar üçün Vikipediyanın bacı layihəsi fəaliyyət göstərir- VikiSitat. Sözsüz ki, bu qayda müəyyən mənada məzmunla əlaqəli olan və ya onu əhəmiyyətli dərəcədə zənginləşdirən siyahıların yaradılmasını qadağan etmir. Həmçinin bu qayda Vikipediyanın işini sadələşdirmək üçün digər keçidlər cədvəli və başqa cədvəllərin, bir-biri ilə ümumi mövzu ilə bağlı olan kiçik məqalələrin birləşdirilməsinidə qadağan etmir.
- Geneloji məlumatlar və ya telefon-sorğu kitabçası. Yalnız o şəxslər haqqında məqalələr yaradıla bilər ki, bu şəxslər öz fəaliyyətləri və nailiyyətləri ilə kifayət qədər məşhurluq qazanmış olsunlar. Bu cür şəxslər haqqında məqalələr üçün əsas kriteriyalardan biri də xarici mənbələrin olmasıdır. Vikipediya "ağ səhifə" deyildir.
- Kataloqlar, sorğu materialları, elektronik proqram rəhbərlikləri, həmçinin iş üçün resurslar mənbəyi. Misal üçün, radiostansiya haqqında məqalələrdə, bir qayda olaraq, gələcəkdə baş verəcək hadisələri, növbəti həftə proqramı, əhəmiyyətli olmayan kadr dəyişikliklərini, telefon nömrələrini və s. bu kimi informasiyaları yerləşdirmək lazım deyil. Həmçinin, bu cür məqalələrin müzakirə səhifələrində də yuxarıda sadalanan informasiyaların yerləşdirilməsi yolverilməzdir, bu səhifələrdə məqalə məzmunu müzakirə edilir. Vikipediya "Sarı səhifə" deyildir.
- Satış kataloqları. Vikipediyada malların qiymətləri göstərilə bilməz, Vikipediyada məhsulların qiymətlərinin göstərilməsi üçün mənbə və əsaslı səbəb göstərilməldir. Əsaslı səbəblərə nümunə kimi nadir məhsulların qiymətləri, iqtisadi infilyasiya dair məqalələrdə müqayisə üçün qiymət göstərilə bilər. Başqa bir tərəfdən küçə qiymətləri-əhəmiyyətsizdir. Küçə qiymətləri vaxtdan və məkandan asılı olaraq kəskin fərqlənə bilər. Ona görədə hal-hazırda satışda olan məhsulların küçə qiymətləri göstərilə bilməz. Həmçinin, Vikipediya satış rəhbərliyi deyil ki, onun vasitəsilə rəqabətdə olan məhsulların qiymətlərini və ya bir məhsulun müxtəlif ölkələr üzrə qiymətləri müqayisə edilsin.
Vikipediya təlimat kitabçası, yol göstəricisi və ya dərslik deyil
Vikipediya-ensiklopedik mənbədir, rəhbərlik və ya dərslik deyil. Vikipediya məqalələri aşağıdakılar hesab edilməməlidirlər:
- Rəhbərliklər. Vikipediya insanların, yerlərin və əşyaların təsviri mövcuddur, lakin bu o demək deyildir ki, Vikipediya rəhbərlik, məsləhət (hüquqi, tibbi və s.) və təkliflər, "praktiki məsləhətlər" mənbəyi hesab edilməməldirlər. Bura həmçinin öyrədici proqramlar, oyun rəhbərlikləri və reseptlər aiddir.
- Səyahət rəhbərlikləri. Misal üçün Paris haqqında məqalədə Eyfel qülləsi, Luvr sarayı kimi orientirlər qeyd edilməlidir, daha Sizin sevdiyiniz otelin küçə ünvanı, telefon nömrəsi və ya sevimli kofenizin qiyməti göstərilə bilməz. Vikipediya, həmçinin, daha çox otel rəhbərliklərinə, yemək respetlərinə, səyahət rəhbərliklərinə və bunlara bənzər informasiyalar üçün də yer deyildir. Uyğun hesab etdiyiniz yerlər əhəmiyyətlilik kriteriyalarına uyğun gəldikdən sonra salına bilər.
- İnternet rəhbərliyi. Vikipediya təkcə təbiəti təsvir etməməlidir, həmçinin saytlar və internet xidətlər haqqında ensiklopedik məzmunlu informasiya verəbilər. Geniş kütləyə məlum olan saytların nailiyyətləri, onların tarixi əhəmiyyəti haqqında yeni informasiyalar verməlidir.
- Dərsliklər və qeydlər. Vikipediya ensiklopedik mənbədir, dərslik deyil. Vikipediyanın məqsədi faktları göstərməkdir, fənni tədris etmək deyil. Misal üçün mövzunu pillə-pillə açan, dərslik mətnləri kimi oxunan məqalələr yaratmaq və redaktə etmək lazım deyil. Bunun üçün Vikipediyanın bacı layihələri VikiKitab və VikiMənbə mövcuddur.
Vikipediya sehrli kristal deyil
Vikipediya təsdiq edilməsi mümkün olmayan fərziyyələr, şayiələr və ya ehtimallar toplusu deyil. Vikipediya gələcəyi proqnozlaşdırmır. Gözlənilən hadisələr ilə bağlı bütün məqalələr yoxlanıla bilən olmalıdır. Mövzu kifayət qədər geniş maraq kəsb etməlidir ki, hadisə artıq baş vermiş olsaydı, müstəqil məqalə kimi ensiklopedik olardı. Əgər istinadlar uyğun formada verilibsə, gələcək təkliflərin və layihələrin uğurunun perspektivləri, hansısa yeniliyin baş verib-verməyəcəyi barədə müzakirə və arqumentləri qeyd etmək məqsədəuyğundur. Redaktorların öz fikirlərini və ya təhlillərini daxil etmələri uyğun deyil. Etibarlı, ekspert mənbələr və ya bir sahədə tanınmış qurumlar tərəfindən bəyan edilən proqnozlar, fərziyyələr və nəzəriyyələri daxil etmək məqbul hesab olunur. Buna baxmayaraq, redaktorlar hər hansı konkret baxış bucağından yersiz qərəzlilik yaratmamalıdırlar. Filmlər və videooyunlar kimi yayımlanmamış məhsullar haqqında gələcəyə hesablanmış məqalələrdə reklamdan və təsdiqlənməmiş iddialardan yayınmağa xüsusi diqqət yetirin.
Vikipediya senzura yeri deyil
Vikipediya özündə bəzi oxucuların xoşuna gəlməyən və onları narahat edən məzmun ehtiva edə bilər, hətta bu, çox vaxt belədir. Vikipediya məqalələrinin və fayllarının bütün oxucular tərəfindən qəbul edilən olması və ya ümumi sosial və ya dini normalara riayət etməsini təmin etmək ensiklopediyanın məqsədləri ilə uyğun gəlmir.
Nəzərə alın ki, bura siyasi mövzular da daxildir, siz özünüzə aid, yaxınınız, o cümlədən hər hansısa bir şəxslərin məqalələrindəki tənqidləri, iddia və ittihamları və ümumi həyatı və siyasi karyera məlumatlarını mənbəsi təqdim edildiyi və yoxlanıla bildiyi əlçatan olduğu müddətcə xoş gəlməməsi və narahatçılıq hiss etməyi əsas gətirərək "şəxsi istək" adı altında silə bilməzsiniz. Müvafiq məlumatların yaxud bölmələrin silinməsi və ya dəyişdirilməsi sadəcə və sadəcə Vikipediya qaydalarına əsasən konsensus ilə icra oluna bilər.
Məzmun Vikipediyanın siyasətlərini (xüsusilə yaşayan insanların bioqrafiyalarına aid və neytral-mövqedən istifadə etməklə) və ya ABŞ (Vikipediya serverlərinin yerləşdiyi yer), həmçinin Azərbaycan qanunlarını pozduğuna qərar verildiyi təqdirdə silinəcək. Yenə də dəyişikliklər yayımlandığı andan hər kəsə açıq göründüyü üçün sözügedən uyğunsuz material təyin edilib silinmədən əvvəl müəyyən müddətliyinə oxucular tərəfindən görülə bilər.
Bəzi məqalələr mövzu ilə əlaqəli, amma bəzi şəxslərin görmək istəmədiyi fayllar, mətnlər və ya keçidlər ehtiva edə bilər. Etiraz edilən məzmunun müzakirəsi ümumən kontentin potensial hücuma məruz qalmasına deyil, uyğun bir fayl, mətn və ya keçid olub-olmadığına fokuslanmalıdır. Bundan əlavə, "etirazla qarşılanması" ümumiyyətlə məzmunun silinməsi üçün etibarlı səbəb deyil.
Bəzi təşkilatların qaydaları və ya ənənələri özləri haqqındakı müəyyən məlumatların məxfiliyini tələb edir. Bu cür məhdudiyyətlər Vikipediyaya şamil olunmur, çünki Vikipediya həmin təşkilatların üzvü deyil; xülasə, Vikipediya bu cür məlumatları ensiklopedik olduğu halda məqalələrdən silməyəcək.
Universitet ideyaların tələbələr üçün təhlükəsiz olması ilə məşğul deyil. Tələbələri ideyalar üçün təhlükəsiz vəziyyətə gətirməklə məşğuldur. Beləcə, tələbələrin sağlam düşüncələrinə inanaraq onlara bu fikirlər haqqında açıq şəkildə mühakimə etmə imkanı verir. |
Cəmiyyət
Vikipediya demokratiya deyil
Vikipediya demokratiyanın və ya başqa siyasi sistemin sınaq meydanı deyil. Mübahisələr zamanı həqiqəti üzə çıxarmaq üçün müzakirə, konsensus əldə edilməsi daha prioritetlidir, nəinki səsvermə. Başqa sözlə, heç də çoxluğun fikri Vikipediyanın rəsmi qaydası kimi qəbul edilməməlidir. Lakin müəyyən məsələlərin həll edilməsində səsvermə daha təsirli rol oynaya bilər, məsələn Silinməyə namizəd göstərilmiş məqalələrin silinməsinə dair səsvermə.
Vikipediya bürokratiya deyil
Vikipediya - vəkillərin təkmilləşdirmə məkanı, onun qaydaları isə vikicəmiyyətin son hədəfi deyil. Bütün bu qaydalar Vikipediyanın zənginləşdirilməsi zamanı meydana çıxa biləcək problemləri daha asan həll edə bilmək üçün yaradılmışdır, ona görə də bürokratik əngəllərdən mümkün qədər qaçmaq lazımdır. Hər hansısa bir qayda Vikipediyanın zənginləşdirilməsinə maneçilik törədirsə, mümkün qədər ondan yan qaçmaq lazımdır. Belə hallarda daha çox daxili səsinizə qulaq asın, qaydalar və prinsipləri pozulmayacaq bir şey kimi görməyin. Bütün fikir ayrılıqları müzakirə edilməlidir, qaydaların bürokratik formada dəqiq gözlənilməsinə ehtiyac yoxdur.
Vikipediya döyüş meydanı deyil
Vikipediya kiməsə qarşı fikir bildirməyə, şəxsi konfliktləri idxal etməyə, nəyəsə qarşı münasibət bildirmək üçün yer deyil. Vikipediya müzakirələrini şəxsi konfliktlərə çevirmək bizim məqsədimizə və prinsiplərimizə zidd hərəkət etmək deməkdir.
Hər bir istifadəçi digərləri ilə ünsiyyətdə mülayim, sakit və əməkdaşlıq ruhunda olmalıdır. Fikirləri sizin fikirlərinizlə zidd olan istifadəçiləri, təhqir etməyin, qorxutmayın, təzyiq göstərməyin. Yaxşı olardı ki, fikir ayrılığına soyuq yanaşasınız və onu sakit-mülayim müzakirə ilə həll edəsiniz. Əgər qarşı tərəf özünü sizə qarşı aqressiv aparırsa, əməkdaşlığa getmək istəmirsə, təhqir və təyiq göstərirsə bu heç də sizə eynilə bu formada ona cavab verə biləcəyiniz demək deyil. Çalışın rəqibin bu cür fikirlərinə "quru cavab" verəsiniz, ya da heç verməyəsiniz.
Konflikti öz gücünüzə həll etməyin mümkün olmadığını anladıqda digər istifadəçilərin köməyindən istifadə edin.
Həmçinin məqalələri yalnız mübahisə etdiyiniz şəxslərin onların haqsız olduqlarını göstərmək üçün redaktə etməyin. Vikipediyadan istifadəçilər, layihənin özü və Vikimediya Fondu üçün hüquqi və ya başqa bir təhlükə yaratmaq üçün istifadə etməyin. Təhlükələr yolverilməzdir və bu, sizin Vikipediya səhifələrini redaktə etmə imkanlarınızın məhdudlaşdırılmasına gətirib çıxara bilər.
Vikipediya anarxiya deyil
Vikipediya azad və açıqdır, lakin bu azadlıq və açıqlıq Vikipediyanın son məqsədi-ensiklopediya yaratamaq məqsədinə zidd gəldikdə məhdudlaşdırılır. Buna uyğun olaraq Vikipediya-hər bir kəsin ağzına nə gəldi danışa bilcəyi bir yer deyil. Vikipediyanın azad və özünüidarə edən bir layihə olması heç də anarxiyanın cəmiyyətdə həyat qabiliyyətini yoxlaması kimi qəbul edilə bilməz. Bizim məqsədimiz ensiklopediya yaratmaqdır, anarxiyanın hüdudlarını müyyənləşdirmək deyil. Belə bir niyyətiniz varsa, Sizi anarxopediyaya dəvət edirik. Həmçinin bax meta:Power structure
Vikipediya məcburiyyət deyil
Vikipediya könüllü layihədir və vikipediyaçılardan daha çox vaxt və əmək tələb etmir. Digər vikipediyaçılardan daha çoxunu tələb etmək əvəzinə özünüz ensiklopediyanı təkmilləşdirməyə diqqət yetirin. Redaktorlar istənilən vaxt fasilə verə və ya Vikipediyanı tərk edə bilərlər.
İstifadəçi səhifəniz şəxsi malınız deyil
Yuxarıda sadalanmış məhdudiyyətlərin əksəri, həmçinin, Sizin istifadəçi səhifələrinizə də aiddir. İstifadəçi səhifəniz sizin şəxsi səhifəniz və ya bloqunuz deyil. Daha vacib, bilməli olduğunuz şey odur ki, istifadəçi səhifəniz sizin deyil. Bu səhifələr Vikipediyanın bir hissəsidir və onlar vikipediyaçılar arasındakı ünsiyyəti sadələşdirmək üçündür.
Və nəhayət...
Vikipediya həmçinin digər, bu siyahıya daxil edilməyən çox saylı dəhşətli ideyalar məkanı deyil. Biz gün ərzində milyonlarla redaktəçidən birinin ağlına gələ biləcək hər hansısa bir pis ideyanı əvvəldən görə, bilə və onu bu siyahıya daxil edə bilmərik. Onsuz da bu siyahı özü onun nəticəsində yaranıb ki, hansısa bir istifadəçi Vikipediya üçün belə pis ideyalar düşünmüşdür. Ümumiyyətlə, kifayət çoxlu əsas toplayaraq Vikipediyaya pis niyyətlə gəlmək "çox pis bir ideyadır".
Nə etməli olduğunuzu bilmədikdə
Əgər, Siz, "nümunə məqalə" məqaləsi haqqında nə etmənin lazım olduğu barədə düşünsəniz, özünüzə bu sualı verin: "Oxuyucu nümunə məqalənin başlığında nə görməyi gözləyir?"
Əgər yuxarıda göstərilmiş qaydaların hər hansısa bir məqalədə pozulduğunu düşünürsünüzsə:
- Məqaləni çalışın düzgün hesab etdiyiniz hala gətirin,
- Məqaləni uyğun ola biləcək başqa bir məqaləyə istiqamətləndirin,
- Tamamilə yararsız olduğunu düşündüyünüz məqalələrin silinməsi üçün müvafiq şablon əlavə edin,
- Daha yaxşı olar ki, bunu başqa istifadəçilər ilə müzakirə edərək etibarlı mənbə halına gətirəsiniz.
Qeydlər
- ↑ "Former UC President Clark Kerr, a national leader in higher education, dies at 92" (Press-reliz). UC Berkeley. 2 dekabr 2003. İstifadə tarixi: 5 avqust 2021.